Baş redaktordan
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış Azərbaycan Texnologiya Universiteti bu gün respublikamızda iqtisadiyyatın mühüm sahələri üçün yüksək ixtisaslı mütəxəssislər hazırlığı işində önəmli rol oynayır.
Bu gün universitetdə müasir maddi-texniki baza yaradılmış, səmərəli pedaqoji və elmi işlər aparan professor-müəllim heyəti formalaşmışdır. Onların arasında əməkdar elm xadimi, əməkdar müəllim, əməkdar mühəndis, əməkdar ixtiraçı və əməkdar rəssam kimi fəxri adları olan müəllimlər vardır. Universitetdə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyaları tədris prosesinin və elmi-tədqiqat işlərinin səmərərliliyinin artırılmasında önəmli rol oynayır.
Bu gün qloballaşan dünyada baş verən proseslər ayrı-ayrılıqda hər bir ölkənin iqtisadi inkişafına öz təsirini göstərməkdədir. 2014-cü ildə ölkəmizin əsas gəlir mənbəyi olan neftin qiymətinin dünya birjalarında aşağı düşməsi iqtisadi islahatların həyata keçirilməsini zəruri etmişdir.
Ümumilli lider Heydər Əliyevin rəhbərliyə gələrək, başladığı demokratik dövlət quruculuğu və iqtisadi inkişaf siyasəti hal-hazırda Azərbaycan Respublika¬sının Prezidenti, cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir.
Ölkə Prezidentinin rəhbərliyi ilə qəbul edilən dövlət proqramları, konsepsiya və strategiya xarakterli sənədlər, onların əməli icrası bu siyasətin reallaşdırılması mexanizmi kimi xüsusi əhəmiyyət kəsb edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırda 60-a yaxın dövlət proqramı, strategiya və konsepsiya fəaliyyətdədir ki, bunlar da ölkələrin ictimai həyatı ilə paralel iqtisadiyyatın bütün sahələrinin inkişaf etdirilməsində də mühüm əhəmiyyətə malikdir.
Bu tədbirlərin davamı olaraq Azərbaycan Respublikasında aqrar-sənaye kompleksinin 2014-2020-ci illər üzrə inkişaf strategiyasının özünəməxsus yeri vardır. Strategiya “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na, 2008-2015-ci illərdə Azərbaycan respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”na, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”na, həmçinin milli və sektoral səviyyədə inkişaf hədəfləri arasında zəruri uzlaşmanı təmin etməklə, aqrar sahənin növbəti illərdə inkişafının təminatına şərait yaradacaqdır. Konsepsiyanın müddəalarından irəli gələn vəzifələri həyata keçirmək, qeyri-neft sahəsinin müasir tələblər baxımdan inkişafını təmin etmək məqsədilə perspektiv dövrə hədəflənmiş proqramın hazırlanması xüsusi zərurətdən irəli gəlmişdir. Respublikamızda bütün sahələrdə sənayenin inkişafını sürətləndirmək məqsədi ilə “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət proqramı” və bir sıra sahəvi inkişaf proqramı təsdiq edilmiş və uğurla icra olunur.
Ölkə başçısının rəhbərliyi altında Respublikamızın əksər sahələrində biznesin formalaşdığı müasir dövrdə istehsalın inkişaf etdirilməsi, onun səmərəliliyinin yüksəldilməsi və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı kompleks tədbirlər həyata keçirilməkdə davam edir. Keçid iqtisadiyyatını başa vurmuş və yeni inkişaf erasına daxil olan ölkəmiz ötən illərdən başlayaraq iqtisadi islahatların məzmununu daha da dərinləşdirərək yeni müstəviyə keçmişdir. Bu da öz növbəsində iqtisadiyyatın real sektorunda dinamikliyi yüksəltməklə, neftdən kənar sahələrin inkişaf etdirilməsi üçün münbit şərait yaratmışdır.
Ölkədə mövcud olan əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə etmək, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafını sürətləndirmək və iqtisadi islahatları dərinləşdirmək, əhalinin məşğulluğunu artırmaq, yoxsulluğun səviyyəsini azaltmaq, infrastrukturları yeniləmək, əlverişli investisiya şəraiti, müasir tipli müəssisələr, yeni iş yerləri yaratmaq istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə mühüm dövlət proqramları hazırlanaraq qəbul edilmişdir.
Bu gün qeyri-neft sektorunda yeni hədəflərin əsası qoyulur. Sosial və istehsal infrastrukturların inkişafı, regional proqramların yerinə yetirilməsi, kənd ərazilərinin inkişafı, kənddə həyat tərzinin müasirləşdirilməsi, kənd iqtisadiy¬yatının inkişafı və alternativ iş mühitinin formalaşdırılması, kənd təsərrüfatının və emal sənayesinin inkişaf etdirilməsinin gündəmə gətirilməsi ölkənin daha da qüdrətlənməsinə və əhalinin ərzaq məhsullarına, sənaye mallarına olan tələbatının daha yüksək səviyyədə təmin olunmasına şərait yaradır.
Müasir dövrdə ölkənin iqtisadiyyatında neft sektoru aparıcı rol oynasa da, çox böyük həyati əhəmiyyətə malik olan bəzi sahələr hələ də günün tələblərinə cavab vermir. Bu problemlərin uğurla həll olunması, ölkəmizdə dinamik inkişafın təmin olunması, qorunması və yeni layihələrin yaradılması ölkə iqtisadçılarının qarşısında ciddi vəzifələr qoyur.
Məhz bu baxımdan Azərbaycan Texnologiya Universitetində “Tətbiqi ekologiya və təbii sərvətlər” jurnalı təsis edilmişdir. Jurnalın missiyası iqtisadçı alimlərin və ekspertlərin ən aktual məsələlərə dair fikirlərini dərc edərək, əldə edilmiş nəticələri ölkə və beynəlxalq elmi ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.